Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan Sağlamlığı şöbəsi tərəfindən “Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi” layihəsi hazırlanıb. Sənəd layihəsi İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb. Bildirilib ki, layihənin hazırlanmasında məqsəd ölkəmizə idxal olunan baytarlıq preparatlarının, xüsusilə antibiotiklərin dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tənzimlənməsini həyata keçirməkdir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, ilkin mərhələdə ölkəyə idxal olunan antibiotiklərin quşçuluq təsərrüfatlarında rasional istifadəsinin araşdırılması nəzərdə tutulur. Araşdırmaların nəticələri inkişaf etmiş ölkələrdə heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş baytarlıq preparatlarının ölkəmizdə heyvandarlıq təsərrüfatlarında istifadəsinə dair zəruri məhdudiyyətlərin tətbiqinə imkan verəcək.