Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. AQTA-dan Foodinfo.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Lək kəndində yerləşən, fiziki şəxs Qurbanov Mərhəmət Mütalif oğluna məxsus ət və ət məhsullarının istehsalı sexinə baxış keçirilib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə texnoloji ardıcılıq prinsipinə əməl olunmadığı, 1 və 3 kq-lıq polietilen paketlərdə qablaşdırılan sosiskaların üzərində istehlakçı üçün zəruri olan məlumatların öz əksini tapmadığı, istehsalda istifadə olunan suyun filtrdən keçirilmədiyi və laborator müayinələrinin aparılmadığı, məhsulların bişirilməsində istifadə olunan sobanın üzərində termometrin quraşdırılmadığı, ət və ət məhsullarının baytarlıq ekspertizasından keçirilmədən istehsal edildiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, anbarda saxlanılan xammalların üzərində markalanmanın aparılmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayindən keçirilmədiyi məlum olub. Müəssisədə istehsal olunan “Fərqli Dad” nişanlı bişmiş, hisə verilmiş kolbasadan və sosiskadan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir. [gallery ids="33771,33772,33773,33774"]