Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, 8 iyul 2021-ci il tarixində Masallı rayonu, Qəzvinoba kəndində fəaliyyət göstərən,  fiziki şəxs Xəlilov Ruhi Tofiq oğluna məxsus “Məkan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 128 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunmuş və keçirilən baxış zamanı şənlik mərasiminin 270-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Musayev Elvin Fizuli oğluna məxsus “Kral” şadlıq sarayı, Ağsu şəhəri, S. Vurğun küçəsində fəaliyyət göstərən, fiziki şəxs Qəniyev Elvin Zahir oğluna məxsus "Asiman" şadlıq sarayında da aparılan nəzarət tədbirləri zamanı karantin rejimlərinin pozulması faktları aşkar edilib. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir. [gallery ids="39019,39020"]