Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş Genetika və genefond laboratoriyası yaradılıb.
İnstitutun Biotexnologiya laboratoriyasının kiçik elmi işçisi Pərvin Qənbərova yeni laboratoriyanın elmi-tədqiqat imkanları və gələcək fəaliyyəti haqqında AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Yeni laboratoriyanın institutun Genetika şöbəsinə daxil olduğunu deyən Pərvin Qənbərova bildirib ki, laboratoriyada bitkilərin müxtəlif stress amillərinə qarşı davamlılığının müəyyən edilməsi ilə bağlı tədqiqat işləri həyata keçiriləcək. Laboratoriya bu tədqiqatların aparılması üçün zəruri olan cihazlarla təchiz edilib. Qeyd edilən tədqiqat işləri bitkilərin molekulyar səviyyədə analizinə və müxtəlif DNT izolyasiya metodlarına əsaslanır. Belə ki, sahə şəraitindən elmi işçilərin əldə etdiyi yarpaq nümunələri maye azot içərisində laboratoriyaya gətirilir. Daha sonra hazırlanan stab məhlulu tətbiq edilməklə yarpaq nümunələrindən DNT nümunələri izolyasiya olunur. İzolə edilmiş DNT nümunələri müxtəlif praymerlər tətbiq etməklə PSR analizinə daxil edilir.
Pərvin Qənbərova qeyd edib ki, tədqiqat işləri ənənəvi seçmə üsullarından fərqli olaraq bitkinin inkişaf dövründə müxtəlif stres amillərinə davamlılığının öyrənilməsinə şərait yaradır və yeni bir sortun əldə olunması üçün sərf olunan zamanın müəyyən qədər azalmasına kömək göstərir.