Heyvanların identikləşdirilməsi və qeydiyyatı sisteminin tətbiqi nəticəsində bu ilin 9 ayı ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 42 405 baş iribuynuzlu heyvan identikləşdirilərək elektron sistemə daxil edilib. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq identikləşdirmə işlərinin digər regionlarda da aparılması üçün hazırlıq işləri görülür: "İlkin olaraq respublika ərazisindəki damazlıq təsərrüfatlarında və 50 başdan çox heyvan olan təsərrüfatlarda qara malların və atların identikləşdirilməsi nəzərdə tutulur". Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlərdən də danışan Q.Təhməzli qeyd edib ki, müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb: “Müqayisə üçün bildirim ki, Agentlik fəaliyyətə başladığı dövrdə ölkə ərazisində cəmi 15 kəsim məntəqəsi fəaliyyət göstərirdi”.