Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, AQTA əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hacıyev İzzət Əlif oğluna məxsus “Neymət” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.