Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Braziliya Federativ Respublikasının Para ştatında süngərvari ensefalopatiya, İraq Respublikasının Babil və Ənbar əyalətlərində dabaq, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında, Polşa Respublikasının Slask inzibati ərazisində, Türkiyə Respublikasının Dənizli vilayətində və Sloveniya Respublikasının Gorenska regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə Braziliya Federativ Respublikasının Para ştatından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına, İraq Respublikasının Babil və Ənbar əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatından, Polşa Respublikasının Slask inzibati ərazisindən, Türkiyə Respublikasının Dənizli vilayətindən və Sloveniya Respublikasının Gorenska regionundan WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, eyni zamanda tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.