Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Kakucha” LTD tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İsmayılov Rəhim Təyyar oğlunun idxal etdiyi 24800 kq çuğundur məhsulu, həmçinin Gürcüstan Respublikasında fəaliyyət göstərən "ОНУР" LLC tərəfindən istehsal olunan və ölkəmizə fiziki şəxs Şükürov Ramiz Niyaz oğlu tərəfindən idxal olunan 24536,5 kq çuğundur məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsul partiyalarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələrin nəticələrinə əsasən, idxal olunan çuğundur məhsulu partiyalarında nitratın qalıq miqdarının qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən yüksək olduğu və məhsulların istehlak üçün yararsız olduğu aşkar edilib.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.