Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət istiqamətləri, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması ilə bağlı maarifləndirici görüşlər davam etdirilir. Bu çərçivədə növbəti görüş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təhsil alan dövlət qulluqçuları üçün təşkil olunub.

Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə AQTİ-nin müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.

Görüşdə həmçinin ixtisaslı mütəxəssislərin formalaşadırılmasının və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək edir.

Görüş çərçivəsində DİA-da təhsil alan dövlət qulluqçuları İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin AQTİ-nin əməkdaşları onları maraqlandıran sualları cavablandırıb.