Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının (RF) Xantı-Mansi muxtar dairəsində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb. WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan muxtar dairədə xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nin rəsmi məlumatı və “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, Nyukasl xəstəliyi ilə bağlı RF-nın Xantı-Mansi muxtar dairəsinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.