Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Skikda və El Tarf əyalətlərində dabaq, Slovakiya Respublikasının Nitra diyarında, Amerika Birləşmiş Ştatlarının Oreqon və Nyu-Cersi ştatlarında, Kanadanın Şahzadə Eduard Adası və Nyufaundlend-Labrador əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Skikda və El Tarf əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən Slovakiya Respublikasının Nitra diyarından, Amerika Birləşmiş Ştatlarının Oreqon və Nyu-Cersi ştatlarından, Kanadanın Şahzadə Eduard Adası və Nyufaundlend-Labrador əyalətlərindən WOAH-nın “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Slovakiya Respublikasından, Amerika Birləşmiş Ştatlarından, Kanadadan və Əlcəzair Xalq Demokratik Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.