Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rumıniyanın, İsveç Krallığının və İsrail Dövlətinin bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəlikləri aradan qaldırılıb. Belə ki, qeyd olunan ölkələrin bəzi inzibati ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliklərinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliklərinə görə adları sadalanan ölkələrin bəzi inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.