Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Foodinfo.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 8-14 yanvar 2021-ci il tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 323 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 214 ərzaq satışı müəssisəsində ümumilikdə 363 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.