Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Foodinfo.az xəbər verir ki, bu çərçivədə AQTA tərəfindən həyata keçirilən, o cümlədən fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticəsini verməkdədir. Belə ki, bu ilin ötən dövründə Avropa İttifaqının (Aİ) “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə ölkəmizdən İttifaqa üzv olan dövlətlərə ixrac edilən fındıqda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.
Bu nailiyyət respublikamızda qida məhsullarının ixracı zamanı tətbiq olunan nəzarət tədbirlərinin gücləndirilməsinin birbaşa nəticəsidir. Eyni zamanda bu, ölkəmizdə fındıq istehsalı və ixracı sahəsində təhlükəsizlik və keyfyyətin artırılmasına, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsinə, qida təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına dair həyata keçirilən genişmiqyaslı tədbirlərin uğurlu göstəricisidir. Əldə olunan nəticə isə respublikamızda istehsal edilən fındığın Avropa bazarlarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, məhsul yığımı və emalı mərhələlərində fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınması məqsədilə Agentlik tərəfindən "Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları" adlı tənzimləmə sənədi qəbul olunub. Belə ki, fındığın vaxtında və optimal şəraitdə yığılması, optimal temperaturda və rütubətdə, kif göbələklərinin yayılmasının qarşısını alan şəraitdə qurudulması məhsulun minimum keyfiyyət və təhlükəsizliyinin qorunmasını təmin edir. Bununla yanaşı, respublikamızda ixrac üçün nəzərdə tutulan fındığın laboratoriya analizlərinin sayı artırılıb, istehsalçılarla ixracatçıların maarifləndirilməsi və təlimatlandırılması həyata keçirilib. Bu da öz növbəsində bu sahədə fəaliyyətlərin daha səmərəli təşkilinə və fındıq ixracı imkanlarının genişləndirilməsinə gətirib çıxarır.
Xatırladaq ki, ötən il respublikamızdan Aİ ölkələrinə ixrac olunmuş fındıqda aflatoksin aşkarlanması ilə bağlı müvafiq sistemdə cəmi 2 bildiriş qeydə alınıb. Bu isə 2022-ci illə müqayisədə 6 dəfə azalma deməkdir.