Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Ramin Hüseyn oğluna məxsus ət satışı məntəqəsində keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib. Belə ki, ət satışı sahəsinin müvafiq yuyucu vasitələrlə mütəmadi olaraq təmizlənib dezinfeksiya olunmadığı, satıcının xüsusi sanitar geyimdən istifadə etmədiyi, həmçinin tibbi müayinədən keçmədiyi məlum olub. Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.