Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Goranboy  rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən Əliyev Kamil Kəniş oğluna məxsus ət satışı məntəqəsində keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib. Belə ki, məntəqədə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət məhsullarının satışa təqdim olunduğu, ət satışı sahəsinin mütəmadi olaraq təmizlənib dezinfeksiya olunmadığı, həmçinin döşəmənin və divarların yararsız vəziyyətdə olduğu məlum olub. Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="49828,49829,49830"]