Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Bəhrəmtəpə kənd sakini Əzizağa Əliyev yaşayış evinin həyətində qonaqların iştirakı ilə öz nəvəsinə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 3 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Hacıqabul RPŞ-nin əməkdaşlarının rayonun Qarasu kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Tahir Məmmədov yaşadığı evdə qonaqların iştirakı ilə ad günü məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.