Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentlik müfəttişləri tərəfindən polis əməkdaşları ilə birgə Ağcəbədi rayonu, Taxta Körpü ərazisində Şirvan şəhər sakini Tağıyev Mahir Mirzəmməd oğluna məxsus 54-BG-774 dövlət qeydiyyat nişanlı, “GAZ 330202-740” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırma nəticəsində inək cəmdəyinin istehlaka yararsız olduğu və aqoniya halında kəsildiyi məlum olub. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.