İsti havada həddindən artıq günəş aktivliyi səbəbindən bədən stress altında olur və onun yükünü azaltmaq üçün yemək vərdişlərində dəyişiklik etməli oluruq.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq-hepatoloq Kalandiya Life.ru-ya müsahibəsində isti havada yeyilməsi məsləhət olmayan məhsulların siyahısını açıqlayıb.
Bu, ilk növbədə, qırmızı ətdir. O, həzm fermentlərinin gücləndirilmiş rejimdə işləməsini təmin edir və yalnız bundan sonra bağırsaqlara sovurulur. Buna görə qızmar havalarda dəniz məhsulları və ya quş ətinə üstünlük vermək məsləhətdir. Əgər ürəyiniz yenə də mal əti çəkirsə, onu axşama yaxın, hava sərinləşəndə və az miqdarda yeyin.
Qəribə səslənsə də, istidə, həmçinin, dondurma yemək məsləhət deyil. Doymuş yağlı dondurma növlərini həzm sistemi üçün sadə olanlarla əvəz etmək tövsiyə olunur. Onlar bədəni karbohidratlar və maye ilə doyurmağa kömək edir, lakin eyni zamanda nə qaraciyərə, nə də mədəaltı vəzə yük vermir. Məsələn, meyvə və giləmeyvə şərbətindən hazırlanan meyvəli buzlar.
İsti günlərdə qəhvə içmək də tövsiyə edilmir. Bu içki elektrolitləri və mayeləri yuyan sidikqovucu təsirə görə bədəni susuzlaşdırır. Buna görə də, isti havada çay içmək daha yaxşıdır.
Siyahıda dördüncü yerdə ədviyyatlardır: zəncəfil, qırmızı və qara bibər. Bu cür ədviyyatlardan bol olan yeməklərə üstünlük verməyin, çünki bədən üçün onları həzm etmək çətindir. Yeməyinizə təzə göyərti doğramaq daha məsləhətdir.
Nərmin