Ağdaş rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib. Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan 20 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. C.Məcnunov və müştərilər Polis Şöbəsinə gətirilib.Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onlar cərimələniblər. Quba rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlanıb. Obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.