Konteynerlərlə daşınan ərzaq və texniki məqsədlər (emal) üçün nəzərdə tutulmuş məhsuldan nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, eyni bir ölkədən konteynerdə daxil olan eyni adlı yükdən nümunələr müvafiq qaydada götürülür. Belə ki, partiyada olan konteynerlərin sayı 1-2 ədəddirsə 1, 5-ə qədərdirsə 2, 10-a qədərdirsə 4, 20-dən çox olduqda isə 5 və hər sonrakı 10 konteyner üçün 1 əlavə konteyner nümunə götürülməsi üçün seçilir. Nümunə götürülməsi üçün seçilən konteynerlərin hər birindən 5 bağlama vahidi götürülür və ekspertiza üçün göndərilir. Bir və ya bir neçə konteynerə müxtəlif növ məhsullar (bitkilər) daxil olduqda, hər məhsul növü ayrıca partiya hesab olunur. Bu halda, hər partiyadan ən azı 3 bağlama vahidi götürülməli və açılmalıdır.