Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı növbəti görüş Azərbaycan Tibb Universitetinin tələbələri ilə keçirilib. Görüşdə “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, bu layihə Agentliklə Tibb Universiteti arasında əməkdaşlığı daha da genişləndirəcək. Sonra layihənin məqsədi tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, məqsəd könüllülərin qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, prosesdə ictimai nəzarətçi qismində aktiv iştirakını təmin etməkdir. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar – asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər. Proqramda iştirak onların gələcəkdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu karyera qurmalarında müstəsna rol oynayacaq. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və ilkin qeydiyyat prosesi həyata keçirilib.