Latviyanın BIOR laboratoriyasının mütəxəssisləri Vadims Bartkeviçs və İveta Puqayeva “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq  Laboratoriyasında olublar. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, missiya çərçivəsində Lənkəran Regional Sınaq Laboratoriyasının mütəxəssisləri üçün Qaz xromatoqrafiyası-kütlə spektrometriyası (GC/MS) cihazının proqram təminatı üzrə təlim həyata keçirilib, cihazın xüsusiyyəti və imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qaz xromatoqrafiyası-kütlə spektrometriyası sınaq nümunəsi daxilində müxtəlif maddələri müəyyən etmək üçün qaz xromatoqrafiyası və kütlə spektrometriyasının xüsusiyyətlərini birləşdirən analitik üsuldur. Bu cihaz mürəkkəb kimyəvi qarışıqları molekulyar səviyyədə ayırır və komponentləri ayrı-ayrılıqda müəyyən edir. Həmçinin Qaz xromatoqrafiyası-kütlə spektrometriyası (GC/MS) cihazında qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini üzrə müayinələrin aparılması üçün nümunə hazırlığı əyani şəkildə göstərilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, bu cihaz qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, eləcə də qısa müddətdə icra etməyə imkan yaradır. Latviyalı qonaqlar Lənkəran Regional Sınaq Laboratoriyasının mütəxəssisləri ilə pestisidlərin qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi ilə bağlı öz təcrübəsini bölüşüb, bu istiqamətdə geniş fikir mübadiləsi aparıblar. [gallery ids="44560,44561,44562"]