Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. 

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında, Goranboy rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Rəşid oğluna məxsus “Raul” marketdə və Qasımov Zahir Məsim oğluna məxsus “Mərkəz” marketdə Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb. Yoxlama zamanı hər iki ictimai iaşə müəssisəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Line” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.

 

Araşdırma zamanı məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Belə ki, alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi və butulkaların daxilinə vizual baxış zamanı kənar hissəciklərin olduğu, üzərində istehsal tarixlərinin qeyd olunmadığı və ya bir hissəsinin pozulduğu,eyni zamanda məhsulların müşayiətedici sənədləri olmadan qəbul olunduğu məlum olub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb, sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.