Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə,nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Tərtər rayonu, Qaraağacı kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rasim Fazil oğluna məxsus pendir sexində yoxlama keçirilib. Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə edilib. Belə ki, pendir sexinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı və digər nöqsanlar məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.