Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində keçirilən növbəti “Peşəkarlarla görüş” "Kəsim məntəqələrində HACCP prinsiplərinin tətbiqinin təşkili" mövzusunda təşkil olunub.
Foodinfo.az xəbər verir ki, tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub. Daha sonra sahibkarlar HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə, o cümlədən kəsim məntəqələrində asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. İştirakçılara HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumat verilib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.