Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Mərkəzi Baytarlıq Laboratoriyasının tabeliyində 2+ biotəhlükəsizlik səviyyəsinə uyğun Mobil Səhra Laboratoriyası fəaliyyət göstərir.
Foodinfo.az-ın məlumatına görə, laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Səhra laboratoriyasında insan və heyvan sağlamlığı üçün ciddi fəsadlar yarada bilən xüsusi təhlükəli xəstəliklərin müayinəsi həyata keçirilir.
Laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür. 20-30 dəqiqə ərzində qurula bilən laboratoriyanın içərisi təmiz və çirkli zona olmaqla, iki hissədən ibarətdir. Laboratoriya hermetikdir və patogenlərin ətraf mühitə yayılmasının qarşısının alınmasını təmin edir. Laboratoriyanın xaricində təhlükəsizlik duş kabini yerləşdirilib. Müayinəni həyata keçirən personal təhlükəsizlik kabininə daxil olur və üstündəki fərdi mühafizə vasitəsi ilə birlikdə xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya edilir. Bu proses yüksək patogenliyə malik orqanizmlərin ətraf mühitə yayılma riskini minimuma endirir.
Qeyd edək ki, AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı şəhəri və Abşeronda 7, regionlarda isə 9 olmaqla, ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyaların fəaliyyətinin əsas məqsədi idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, həmçinin baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsidir.