Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları Ucar rayonu, Müsüslü kəndində fəaliyyət göstərən, Sadıqov Xaləddin Vahəddin oğluna məxsus kafedə planlı yoxlama keçirib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, çalışan işçinin tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aparılmadığı, karantin qaydalarına riayət olunmadığı aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.