“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində AQTA aidiyyəti dövlət orqanları ilə müvafiq tədbirlər həyata keçirir. Agentlik özünün nəzarət funksiyalarına uyğun olaraq bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və qanunsuz fəaliyyətlərin aradan qaldırılması istiqamətində yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib. Foodinfo.az-ın məlumatına görə, aparılan monitorinqlər zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə hələ də bəzi qanunsuz heyvan kəsimi fəaliyyətlərinin davam etdirildiyi müəyyən olunub. Pandemiya şəraitində, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar kütləvi zoonoz xəstəliklərin yayılması riski olduğu bir vaxtda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi yolverilməzdir. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Bildirilir ki, bu istiqamətdə yoxlama-nəzarət tədbirlərinin miqyası daha da genişləndirilib. Aparılan monitorinqlər zamanı aşkar olunmuş qanunazidd əməllərin qarşısı qanunvericilik çərçivəsində qətiyyətlə alınacaq və həmin şəxslərlə bağlı müvafiq tədbirlər görüləcəkdir.