Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı”na əsasən qida zəncirinin (qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi) müxtəlif mərhələlərində işləyən şəxslər işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməli və tibbi arayışlarla təmin olunmalıdırlar.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”)ndə bildirilir. Sənəddə qeyd olunur ki, qida obyektlərində çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi diqqət yetirməli, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməlidir. Həmçinin xəstəliyi qida vasitəsilə keçə bilən və ya belə xəstəlik daşıyıcısı olan, yaxud infeksiyalı yaralar, dəri infeksiyaları, irin və ya diareya, sarılıq, qusma, titrəmə kimi şikayətləri olan şəxslərin isə hər hansı bir formada birbaşa, yaxud dolayısıyla qida ilə təması, işləməsi və ya qida emalı ərazisinə daxil olması qadağandır. Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini yerinə yetirməyən şəxslər isə işdən kənarlaşdırılmalıdır.

Sənədə əsasən, qida obyektində qida məhsulları ilə təmasda işləyən hər hansı bir şəxsdə müvafiq simptomlar müəyyən olunarsa, həmin şəxs, bilavasitə rəhbəri və ya iş yoldaşları obyektin rəhbərliyinə dərhal məlumat verməlidir. Bu halın pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsinə səbəb olur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın və “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat”ın təsdiq edilməsi barədə” Qərarı ilə icbari tibbi müayinələrin keçirilməsi qaydası, “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” Qərarı ilə isə icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısı təsdiq edilib.