"Bayram günlərində laboratoriyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək”.

 Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Elina Sulyayeva “Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq”də bildirib.

O xatırladıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən 28-29 iyun tarixlərində Qurban bayramı ilə əlaqədar respublika üzrə kəsim məntəqələrində diri heyvanların müayinəsi və ətin baytarlıq-sanitariya ekspertizası aparılaraq qurbanlıq heyvanların kəsimi həyata keçiriləcək.

E.Sulyayeva deyib ki, müvafiq kəsim məntəqələrində AQTİ-nin baytarlıq laboratoriyası mövcuddur və bu laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərir:

"Qurban bayramı günlərində həmin laboratoriyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək və daxil olan nümunələr operativ şəkildə müayinəyə cəlb olunacaq. Belə ki, heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunələr götürülərək həmin laboratoriyalarda və eyni zamanda, Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə ediləcək".