Azərbaycandan Rusiyaya ixrac olunan kartofda kartofun qonur çürüməsi bakteriyası aşkar edilib.
Foodinfo.az FED.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya həmin kartof partiyasını ölkəyə buraxmayıb, və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriş verib. Aparılan araşdırma göstərib ki, kartofda sözügedən bakteriya həqiqətən də var. Amma bu bakteriya həmin kartofun Rusiyadan gətirilən toxumları ilə ölkəmizə daxıl olub.
Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a bildirilib ki, məsələ ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, bildirişin daxil olduğu 2 kartof partiyası Rusiyaya yerli logistika şirkəti ”ATRO Co” MMC tərəfindən daşınıb.
Həmin yükün sifarişçisi isə Alim Əliyev adlı sahibkar olub.
AQTA-nın əməkdaşları Alim Əliyevin Masallı rayonunun Təklə kəndi ərazisində yerləşən təsərrüfatında fitosanitar müşahidələr aparıblar. Müşahidələr zamanı kartof yığımı artıq başa çatdığından və ixrac olunan məhsul partiyası hələ Azərbaycana qaytarılmadığından məhsullardan laborator analizlər üçün nümunələr götürmək mümkün olmayıb.
Əvəzində müəyyən edilib ki, ixrac olunan məhsul özü Rusiya mənşəli toxum materialından ("Udacha" çeşidi) yetişdirilib. Lakin nümunə qalmadığından toxum materialının da müayinəsini həyata keçirmək mümkün olmayıb.
Bundan başqa, sözügedən bakteriyanın suvarma sularında da öz mövcudluğunu saxladığı nəzərə alınaraq, həmin şəxsə məxsus ümumi sahəsi 10 hektar olan təsərrüfatdan, ətraf sahələrdən, habelə ərazidən keçən sulardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində fiziki şəxs Alim Əliyevə məxsus təsərrüfatdan götürülmüş torpaq nümunəsində kartofun qonur çürüməsi bakteriyası aşkarlanıb.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi tərəfindən həmin sahədə yerləşən torpaqlarda 5 il müddətində qeyd olunan xəstəliyin əsas sahib bitkiləri - kartof, pomidor, badımcan, tütün, yerfındığı, bibər və pambıq əkin qadağan edilib.
Əvəzində bu müddət ərzində təmiz par, buğda, yonca, lobya və qarğıdalı daxil olmaqla növbəli əkinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilib.
Bundan başqa, qərar qəbul edilib ki, bu sahədə istifadə edilən texnika və alətlər digər sahələrdə yalnız təmizlənərək dezinfeksiya edildikdən sonra istifdə oluna bilər.
Amma tədbirlər bununla bitməyib. Bakteriyanın tapıldığı sahədə yerləşən torpaqda qalan kartof toxumları və qalıqların cücərtiləri göründüyü təqdirdə dərhal məhv edilməsi qərara alınıb. Digər tərəfdən hər 6 aydan bir torpaq və qrunt sularından nümunələr götürülərək kartofun qonur çürüməsi bakteriyası üzrə laborator müayinələrin həyata keçirilməsi qərara alınıb.
Nəhayət, həmin əkin sahəsinin ətrafında 3 km radiusda ərazi bufer zona olaraq müəyyənləşdirilib.
AQTA bildiriş daxil olan təsərrüfatda bitki mühafizəsi tədbirlərinin görülməsi və bu barədə Agentliyə məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb, aparılan araşdırmaların nəticələri və görülən tədbirlər barədə Rusiya Federasiyasının müvafiq qurumuna məlumat verilib.
Bununla yanaşı, kartof idxalı üzrə Agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi Təşkilatına fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun kartofun qonur çürüməsi bakeriyasından azad olmasını təsdiq edən laborator protokolun fitosanitar sertifikatı ilə müşaiyət olunmasına dair məktublar ünvanlanıb. Qeyd olunan tələblər gözlənilməsə, məhsulun ölkəmizə idxalına icazə verilməyəcək.