Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, S. Zöhrabbəyov küçəsi 152 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Arzu İsax oğluna məxsus “Elit şərab evi” müəssisəsində baxış keçirilib. Yoxlama zamanı müəssisədə qanunsuz fəaliyyətin həyata keçirildiyi aşkar olunub. Belə ki, müəssisədə qanunazidd olaraq saxta üsulla müxtəlif brend markalı (“Banketnaya” nişanlı Yubiley, “Banketnaya” nişanlı Premium və “ Zolotoe Kolço” nişanlı) alkoqollu içkilərin hazırlandığı və satışının həyata keçirildiyi müəyyən olunub. Reyd zamanı saxta üsullarla hazırlanan 0.7 litrlik, 1 litrlik, 0.5 litrlik şüşə butulkalarda qablaşdırılmış, ümumi çəkisi 40.7 litr olan alkoqollu içkilər Agentlik əməkdaşları tərəfindən müsadirə edilərək götürülüb və satış şəbəkələrinə daxil olmasının qarşısı alınıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.