Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhər ərazisində keçirdiyi reyd zamanı 4 məntəqədə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, qanunsuz olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsiminin və satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktlarla bağlı Seyfəddinov Rafiq Vaqif oğlu, Məmmədov Rəhim Ələsgər oğlu, Hüseynov Bəhram Qurban oğlu, Hüseynov Eldəniz Yaqub oğlu barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.