Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında həyata keçirilən fitosanitar monitorinqlər davam etdirilir.
Agentliyin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonu ərazisində tərəvəz yetişdirilən istixanada monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az verilən məlumata görə, monitorinq zamanı bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilib, istehsalçıya fitosanitar tələblərə uyğun məhsul yetişdirilməsinə dair müvafiq tövsiyələr verilib.
Həmçinin pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi sahibkarın diqqətinə çatdırılıb, ona maarifləndirici bukletlər təqdim edilib. Eyni zamanda, torpaqda pestisid qalıqlarının miqdarının müəyyənləşdirilməsi məqsədi ilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.