"Azərbaycanda qida məhsullarının tərkibini dəqiq müəyyən edən laboratoriyalar var".
Foodinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar haqqında təəssüratlarını jurnalistlərlə bölüşərkən bildirib. T.Rzayev deyib ki, AQTİ-nin laboratoriyalarındakı cihaz və avadanlıqlar son texnoloji imkanlara malikdir. Bu cihaz və avadanlıqlar isə təkcə qida deyil, fitosanitar və baytarlıq sahələrində də sınaqları yüksək standartlara uyğun şəkildə aparmağa qadirdir.
Millət vəkili İnstitutun kadr potensialının da yüksək səviyyədə olduğunu söyləyib.
”Bizim sağlamlığımız etibarlı əllərdədir. Çünki burada bütün məhsullar analiz olunur. Müvafiq analizlərdən sonra məhsullar xaricə ixrac olunur və ya bizim ticarət obyektlərinə göndərilir. Bu çox yaxşı haldır, ölkənin inkişafı və insanlarımızın sağlamlığı deməkdir” deyə T.Rzayev vurğulayıb.