Xüsusi termometr vasitəsilə heyvan və quşun bədən temperaturunun müvafiq qaydada ölçülməsi termometriya adlanır.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, kəsim məntəqəsinə gətirilmiş heyvanlar və ya quşlar kəsimdən qabaq dövlət baytarlıq müfəttişi tərəfindən kliniki baxışdan keçirilməklə, termometriya olunmalıdır. Sağlamlığı şübhə doğuran heyvanlar və quşlar laboratoriya nəticələri müəyyən olunana qədər təcrid olunaraq onların kəsiminə icazə verilmir.
Qeyd edək ki, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.