Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Agentlikdən Foodinfo.az-a bildirib ki, qaydaya əsasən, yaxılabilən və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2%-dən çox olmamalıdır. Qayda kərə yağına və süd yağı əsaslı yağlara şamil edilmir.
Qeyd edək ki, “Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən müvafiq məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 ay müddətində təmin olunmalıdır.
“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” ilə https://e-qanun.az/framework/53576 linki vasitəsilə tanış olmaq mümkündür.