Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar. Mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir. Yeni qidanın verilməsinin bir neçə qaydası var: - Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər - İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya "smes") əvvəl verilməlidir. - Az miqdarlardan başlamaq və tədricən (5-7 gün ərzində) artırmaq  lazımdır. 5-7 gün ərzində yalnız 1 yeni məhsul verilə bilər. - Uşağa yeni qida verdikdə dərinin vəziyyətinə (səpgilər ola bilər) və nəcis ifrazına (ishal, qəbizlik ola bilər) fikir verin. Pozulmalar əmələ gəlibsə, uşağa bu qidanı verməyin. Ət uşaq üçün çox vacib məhsuldur. Ət uşağa 8 aydan sonra verilə bilər. Əti əvvəl püre, daha sonra kiçik küftələr şəklində vermək olar. Mal və ya quzu ətindən başlamaq lazımdır. İlk dəfə yarım çay qaşığı verin, növbəti gün 1 çay qaşığı və s. 8-9 aylarda uşaq hər gün 30-40 qr, 11-12 aylarda - 50-70 qr ət yeyə bilər. Uşaq gündə 1 dəfə ət yeməlidir. Əti uşağa tanış olan tərəvəz və ya sıyıqla (qarabaşaq, düyü) vermək olar. Toyuq əti allergik məhsuldur və bu səbəbdən onu daha gec vermək və uşağın orqanizminin reaksiyasına nəzarət etmək lazımdır. (Sağlamolun.az)