Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Həmçinin İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilib, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.
AQTİ-dən Milli.Az-a bildirilib ki, görülən işlərin nəticəsidir ki, AQTİ laboratoriyalarının fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) laboratoriyalar üzrə eksperti Radu Cojocaru missiya səfərində olarkən Azərbaycanda qida təhlükəsizliyi sahəsində laboratoriya şəbəkəsində öz müşahidələrini aparıb. AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə tanış olan ekspert qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərini yüksək qiymətləndirib və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə ilə bağlı tövsiyələr verib.
Bundan başqa beynəlxalq ekspert Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Biotəhlükəsizlik laboratoriyasında bir sıra meyarlar üzrə qiymətləndirmə həyata keçirib. Belə ki, mütəxəssis tərəfindən laboratoriyanın biotəhlükəsizlik səviyyəsinə, həmçinin İSO 17025 standartına uyğunluğu, keyfiyyət idarəetmə sistemi, standart əməliyyat proseduru, eləcə də nümunə götürülməsi, qəbulu və saxlanması, diaqnostik sınaqların nəticələrinin düzgünlüyünün təmin edilməsi baxımından metodların validasiya və verifikasiyası qiymətləndirilib. ÜST-ün laboratoriyalar üzrə eksperti kadrların səriştəliliyini və peşəkarlığını müəyyənləşdirmək məqsədilə təşkil olunan sınaqlarda da iştirak edib və AQTİ tərəfindən bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirərək Biotəhlükəsizlik laboratoriyasının xüsusi təhlükəli xəstəliklərin diaqnostikası üçün beynəlxalq standartlara cavab verən resurslara və səriştəyə malik olduğunu qeyd edib.