Respublikamızda üzümçülük iqtisadiyyatın ənənəvi və aparıcı sahələrindən biri hesab edilir. Bu sahənin inkişafı nəticəsində əldə olunan yüksək iqtisadi gəlir insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında rol oynayır. Üzümkimilər fəsiləsinə aid olan və qiymətli kənd təsərrüfatı bitkisi sayılan üzüm ölkəmizdə əsasən Cəlilabad, Samux, Tovuz, Şəmkir, Ağsu, İsmayıllı, Qəbələ və Şamaxı rayonlarında becərilir. Üzüm bitkisinin meyvəsi faydalıdır və asan mənimsənilən A, B, B1, B2, C vitaminləri, mineral maddələr və üzvi birləşmələrlə zəngindir. Həmçinin üzümün şirəsində bir sıra müalicəvi əhəmiyyətli maddələrin olduğu müəyyən edilib. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), karotini, boyayıcı və pektin maddələrini və digərlərini göstərmək olar.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun böyük mütəxəssisi Tərlan Qorçiyeva və Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Aysel Səlimova tərəfindən hazırlanmış "Üzüm bitkisində karantin əhəmiyyətli zərərli orqanizmlər" adlı məqalədə bildirilib.
Məqalədə daha sonra deyilir:
Statistik hesablamalara əsasən, dünyada üzümçülük təsərrüfatları virus və fitoplazma xəstəliklərinə görə hər il 10-15 % məhsul itirir. Buna görə də, üzüm bitkisində müxtəlif, o cümlədən karantin əhəmiyyətli zərərli orqanizmlərin, xəstəliklərin, xüsusilə də virus və fitoplazmaların öyrənilməsi və kompleks mübarizə tədbirləri sisteminin tətbiq edilməsi ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Filloksera və ya üzüm mənənəsi (Viteus vitifoliae) üzüm bağlarının ən təhlükəli zərərvericisi hesab edilir. Fillokseranın qida bitkisi müxtəlif üzüm sortlarıdır. Zərərvericinin iki inkişaf forması var: kök və yarpaq. Kök forması partogenetik yolla çoxalan qanadsız dişi fərdlərdir. Bədəninin uzunluğu 1,2-1,5 mm olub ovaldır, rəngi yaşılımtıl və ya sarımtıl-qəhvəyidir. Xortumu uzundur və 0,5-3 m dərinlikdə məskunlaşa bilir. Fillokseranın kök formasının yayılma dərinliyi torpağın tipindən və tənəyin yaşından asılıdır. İnkişafı üçün optimal temperatur 25°C, minimum temperatur isə 13 °C-dir.
Filloksera hazırda dünyanın əksər ölkələrinin üzüm bağlarının təhlükəli zərərvericisi hesab olunur. Filloksera XIX əsrin ortalarında Şimali Amerikadan Fransaya təsadüfən gətirilib və qısa müddət ərzində üzüm bağlarının qorxulu zərərvericisi kimi qeydə alınıb. Filloksera Fransadan bütün Avropaya və digər qitələrə yayılıb. Fillokseranın Avropaya yayılması nəticəsində üzüm bağları sürətlə məhv olub və şərab əsaslı kənd təsərrüfatı iqtisadiyyatına böyük zərbə dəyib. 30 il ərzində Fransada üzüm bağlarının 90%-dən çoxu zərərverici tərəfindən məhv edilib.
Azərbaycanda filloksera ilk dəfə 1925-ci ildə qeydə alınıb və Nazirlər Kabinetinin 280 nömrəli Qərarı ilə təsdiq edilmiş A2 (“Azərbaycan Respublikasında məhdud dairədə yayılmış, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”) siyahısındadır. Ölkəmizə Gürcüstan ərazisindən keçdiyi ehtimal olunur. Zərərverici hazırda Qazax, Tovuz, Şəmkir, Şamaxı, Ağdam, Şəki, Balakən, Qax və digər rayonlarda yayılıb. Az miqdarda gil hissəcikləri olan xırda dənəvər qumsallıqda filloksera inkişaf etmir. Abşeron üzümlüklərində zərərvericinin olmaması bununla izah edilir. Fillokseranın kök forması daha təhlükəlidir. Bu formanın dişi fərdlərinin məhsuldarlığı 40-100 yumurtaya bərabərdir. Azərbaycanda mayın əvvəllindən sentyabrın sonuna qədər 6-7 nəsil verir. Ona görə də, yayda tənəklərin kökündə fillokseranın bütün inkişaf mərhələlərinə rast gəlmək olur. Amerika üzüm sortları zərərvericinin kök formasına davamlı, yarpaq formasına isə həssasdır. Fillokseranın yarpaq formasında yarpaq ayasının üzərində kiçik ölçüdə kisələr formalaşır. Bəzən bu kisələr bütün yarpaqları əhatə edir. Kisələr yarpağın alt tərəfinə doğru açılır. Həddindən artıq yarpaq kisələri yarpağın böyüməsinə mane olur, bütövlüyünü pozur, fotosintez prosesini zəiflədir, yarpaq nekrozuna, vaxtından əvvəl yarpaqların tökülməsinə, yetişmənin gecikməsi və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Avropa və Asiya üzüm sortlarında filloksera yalnız köklərdə inkişaf edir. Azərbaycanın üzüm bağlarının əksəriyyətində zərərvericinin çoxalmasında və yayılmasında kök forması və onun hərəkətli sürfələri başlıca rol oynayır. Üzüm bitkisi yoluxmadan sonra 3-10 il ərzində tamamilə məhv ola bilir. Filloksera ilə mübarizənin ən səmərəli üsulu onun yayılmasının qarşısını almaqdır. Bunun üçün əkiləcək tinglər və ya calaq materialları ciddi karantin nəzarətindən keçməlidir. Üzüm bağları salınan zaman fillokseraya qarşı davamlı sortlar və ya calaqaltılar seçilməlidir.
Üzüm bitkisinin karantin əhəmiyyətli zərərli orqanizmlərindən biri pirs xəstəliyi və ya üzümün bakteriozu (Xylella fastidiosa) adlandırılan xəstəlikdir. Bu, üzüm bitkisinin ən təhlükəli bakterial xəstəliyi olub Cənubi İtaliya, Tayvan, Kanada, Meksika, ABŞ, Argentina, Braziliya, Kosta-Rika, Paraqvay və Venesuelada yayılıb. Üzümün bakteriozu Azərbaycanda rəsmi olaraq aşkar edilməyib və Nazirlər Kabinetinin 280 nömrəli Qərarı ilə təsdiq edilmiş A1 (“Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”) siyahısındadır. Pirs xəstəliyi üzüm bitkisi üçün ən təhlükəli bakterial xəstəlik olub, inkişafı üçün həssas üzüm bitkiləri, digər sahib bitkilər və bakteriyalar, ksilem ilə bəslənən həşəratlar, həşərat və sahib bitkilər üçün uyğun mühit amilləri kimi bir sıra faktorlar tələb olunur. Bu xəstəliyi ksilemdə yaşayan, qram-neqativ, gec inkişaf edən çubuq şəkilli, qamçısız və hərəkətsiz bakteriya törədir. Bakteriya hüceyrəsi kobud (qaba), dalğalı hüceyrə divarına malikdir. Bakteriya hüceyrəsi ksilem daxilindəki şirənin hərəkətindən asılı olaraq bitki daxilində aşağıya və yuxarıya doğru daşınır. Geniş miqyasda mədəni və yabanı sahib bitkilərin ksilemini yoluxduran bu polifaq bakteriyanın inkişafı üçün optimal temperatur 26-28° C-dir.
Bakteriya adətən 100-150 metr məsafəyə uçan Cicadellidae və Ceropidae fəsilələrindən olan deşici-sorucu ağız aparatına malik, ksilema boruları vasitəsilə qidalanan vektor həşəratlar vasitəsilə yayılır. Ksilema borularının bakteriya səbəbindən tıxanması nəticəsində mineral maddələrin və suyun daşınmasının qarşısı alınır və nəticədə xəstəliyin simptomları meydana gəlir.
Üzüm bitkisində pirs və ya üzümün bakteriozu xəstəliyinin ilkin əlamətlərinə yarpağın dilimli hissələrinin quruyaraq qəhvəyi rəng alması və nəticədə nekrotik hala çevrilməsi aiddir. Bu zaman nekrozətrafı toxumalar isə sarı və ya qırmızı rəng almağa başlayır. Belə yarpaqlar büzüşərək tökülür, saplaqları isə zoğda qalır. Növbəti illərdə sirayətlənmiş bitki zəif inkişaf edir, zoğları qısa və xlorozlu olur. Çox həssas olan üzüm növləri sirayətlənmədən sonra yalnız 2-3 ilə qədər həyat qabiliyyətini saxlaya bilir. Davamlı sortlarda isə yoluxmalara daha az rast gəlinir və bu bitkilər 5 ildən çox müddətdə həyat qabiliyyətini davam etdirə bilir. Xəstəlik meyvələrin büzüşməsi və məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Həssas növlərdə məhsul itkisi özünü daha çox göstərir. Yoluxmuş ağaclar qırılmağa meyilli olur və onlarda uclardan başlayaraq məhvolma prosesi müşahidə edilir.
Xəstəliyin yoluxmamış ərazilərə daxil olmasının və yayılmasının qarşısının alınmasının ən effektiv üsulu idxal olunan bitki materialları, sahib bitki və vektorlar üzərində yoxlamalar aparmaq, ciddi fitosanitar tədbirləri tətbiq etməkdir. Patogendən azad, sertifikatlı tinglərdən istifadə olunmalı, yoluxmuş bölgələrdən gətirilən tinglər 3 saat müddətində 45 0C temperaturda olan suda saxlanılmalıdır. Bitkidə yoluxmuş budaq və zoğlar xəstəliyin olmadığı yerə qədər budanmalı və budanmış bitki qalıqları məhv edilməlidir.
Üzüm bitkisinin karantin əhəmiyyətli sarı damar mozaik virusu xəstəliyinə pomidorun həlqəvi ləkəlilik virusu və ya tütünün həlqəvi ləkəlilik virusu səbəb olur. Bu viruslar Xiphinema spp. nematodları, eləcə də toxum, əkin və çoxaltma materialları vasitəsilə daşınır. Nematodlar virusu üzüm və ya alaq otlarının yoluxmuş kökləri ilə qidalanaraq ötürür və uzun müddət özündə saxlayır. Bu virusların əlamətləri identik olsa da, bir neçə əhəmiyyətli fərqləri var. Yoluxma zamanı yarpağın damarları boyu sarı xətlər və rəngli nöqtələrin meydana gəlməsi müşahidə edilir. Salxımda gilələrin sıxlığı azalır və üzüm gilələri qeyri-bərabər yetişir. Yoluxmanın birinci ilində xəstəliyi müəyyən etmək çətindir. Yoluxmuş toxumadan əmələ gələn tumurcuqlar soyuq hava şəraitinə çox həssas olduğu üçün ikinci il qış vaxtı zoğlar inkişafdan qalır. Üçüncü il isə inkişaf ləngiyir və nəticədə üzüm bitkisi məhv olur.
Xəstəliyin qarşısını almaq məqsədilə viruslardan azad sertifikatlı əkin materallarından, eləcə də virusların yayılma ehtimalı çox olan ərazilərdə nematod və virusa davamlı sortlardan istifadə edilməsi tövsiyə olunur. Yoluxmuş bitkilər sahədən çıxarılmalı və məhv edilməlidir.
Üzümçülük təsərrüfatlarına ziyan vuran və karantin əhəmiyyətli xəstəliklər yaradan fitoplazmalar hüceyrə divarları olmayan mikroskopik prokariot orqanizmlərdir. Fitoplazmaların yayılmasında yarpaq mənənələri, ballıca kimi yarpaq şirəsi ilə qidalanan həşəratlar xüsusi rol oynayır. Bu yoluxmaların meyvə ağaclarında, xüsusilə də üzüm bitkisində biokimyəvi və fizioloji təsiri haqqında məlumatlar məhdud saydadır. Üzüm bitkisinin fitoplazma xəstəlikləri ümumi şəkildə üzümün sarılığı adlanır. Bu xəstəliklərə səbəb olan fitoplazmalar oxşar əlamətlər əmələ gətirdiyindən onların coğrafi yayılmasına dair məlumatlar tam müəyyən edilməyib və bu qrupa ən azı doqquz müxtəlif fitoplazma növünün üzümdə törətdiyi xəstəliklər aiddir. Bunlardan ən təhlükəlisi üzümdə qızılı saralma fitoplazması xəstəliyidir. Bu xəstəlik Scaphoideus titanus həşəratı vasitəsilə yayılır. Yoluxma zamanı üzüm bitkisinin tumurcuq, yarpaq, çiçək və meyvələrində xəstəliyin əlamətləri meydana gəlir. İlkin vegetasiya dövründə yoluxmuş üzüm bitkilərində meyvənin məhsuldarlığı azalır, çiçəklər quruyaraq tökülür. Sonrakı mərhələlərdə isə çiçək topaları qəhvəyi rəng alaraq büzüşür və saplaqlar quruyur. Bəzi sortların meyvələri isə adi toxunuşla tökülür. Ağ üzüm sortlarında fitoplazma xəstəlikləri nəticəsində yarpaqlar xlorotik saralır, qızılı rəng alaraq burulur. Qırmızı üzüm sortlarında isə yarpaqlar zəif-çəhrayı rəng alır. Bu qızartı əvvəlcə mərkəzi damarın kənarlarından başlayır və getdikcə yarpağın digər hissələrini də əhatə edir. Bitkinin metabolizmində baş vermiş dəyişikliklər səbəbindən üzüm salxımları büzüşür və yararsız hala düşür.
Bu xəstəliyə qarşı fitosanitar tədbirlər aparılmadıqda çox ciddi yoluxmaya səbəb ola bilir. Yoluxmanın təsirindən asılı olaraq, məhsul itkisi meydana gəlir. Xəstəliyə yoluxmuş salxımların yüksək turşu və aşağı şəkər tərkibli olması şərab istehsalında şərabların keyfiyyətini aşağı salır. Bu uyğunsuzluqların aradan qaldırılması məqsədilə üzüm bağlarında illik monitorinqlər aparılmalı, xəstəliyə dair şübhəli əlamətlər müşahidə edildikdə, nümunə götürülməli və laboratoriyaya göndərilməlidir. Analizlərin nəticələrinə əsasən, xəstəliyin müşahidə olunduğu bağlarda davamlı yoluxma mənbəyi olan yoluxmuş bitkilər səlahiyyətli rəsmi qurumun nəzarəti altında məhv edilməlidir. Xəstəliyin əlamətləri 3 ilə qədər biruzə vermədiyindən yoluxmuş üzüm bitkilərinin mövcud olduğu bağlardan qələm, çilik, calaq kimi çoxaltma materialları götürülməməlidir. Eyni zamanda sahib bitkilərə qarşı mübarizə tədbirləri aparılmalıdır.
Ümumiyyətlə aparılan araşdırmalara əsasən, təyinat istiqamətindən asılı olaraq, süfrə və texniki üzüm sortlarının ayrı massivlərdə yerləşdirilməsi, sahələrin gen cərgəli və hündür ştamplı formaya salınması üzüm kollarının xəstəlik və zərərvericilərə sirayətlənmə riskini azaltmaqla yanaşı, bitkinin optimal barvermə yükünü də balanslaşdıraraq bol və keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradır. Bundan əlavə, üzüm bitkisinin vegetativ və generativ orqanlarının bir qisminin kəsilməsi ilə tənəyə verilən forma məhsulvermə ilə böyümə arasındakı asılılığı nizamlayır, torpağa qulluq, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işlərini asanlaşdırır.