Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Bakının Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Qida obyektində texnoloji ardıcıllıq proseslərinə, mayaların saxlanma temperaturuna, mal qonşuluğu və etiket qaydalarına riayət olunmadığı, qəbul edilən təbii südün fiziki-kimyəvi göstəricilərinin yoxlanılmasının və qeydiyyatının aparılmadığı aşkarlanıb. Həmçinin mexaniki havalandırma sistemlərinin təşkil olunmadığı, işçi masaların, qazanların və qablaşdırma avadanlığının korroziyaya uğradığı, yuyucu maddələrin və dezinfeksiya vasitələrinin saxlanılması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi məlum olub. Müəssisədə çalışan işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb. Eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçməsinə dair arayış və dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair sənəd yoxlamaya təqdim edilməyib.

Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.