Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti 185b” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Foodinfo.az-ın məlumatına görə, bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Agentliyin sədr müavinləri Balarəhim Quliyev və Zəkiyyə Mustafayeva deyiblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.
Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Cövdət Mehdixanlı yekdilliklə “Heydər Əliyev prospekti 185b” ərazi partiya təşkilatının sədri, Tural Əlizadə isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.
Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.
[gallery ids="43362,43363"]