Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az-ın xəbərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Danimarka Krallığının, Lesoto Krallığının, Laos Xalq Demokratik Respublikasının, İsveç Krallığının, Şimali Makedoniya Respublikasının və Rumıniyanın  bəzi inzibati ərazi vahidlərində qeydə alınmış aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəlikləri aradan qaldırılıb. Belə ki, qeyd olunan ölkələrin bəzi ərazilərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən qeyd olunan xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, aşağı və yüksək patogen quş qripi, blutanq, Nyukasl xəstəliklərinə görə adları sadalanan ölkələrin bəzi inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.