Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, daxil olan məlumat əsasında Agentlik müfəttişləri tərəfindən polis əməkdaşları ilə birgə Zərdab rayonunda Ağcabədi rayon sakini Abdullayev Vasif Fərrux oğluna məxsus 90 EY 950 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E270 CDİ” markalı avtomobilə baxış keçirilən zaman üzərində baytarlıq möhürü və müvafiq müşayiətedici sənədləri olmayan ümumi çəkisi 413 kq, 4 baş iribuynuzlu heyvan əti aşkar edilib. İlkin araşdırma nəticəsində insan istehlakı üçün yararsız olduğu məlum olan ət məhsulları saxlanca qoyulub və müvafiq nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Araşdırmalar davam edir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.