Acı bibər dadına görə hər kəsin zövqünə uyğun olmasa da, sağlamlıq baxımından diqqətçəkən məhsullardan biridir. Foodinfo.az BB.LV saytına istinadən xəbər verir ki, Latın Amerikasından yayılan bu tərəvəz faydalı maddələrlə zəngin tərkibi sayəsində bir çox ölkədə qida rasionuna daxil edilir. Acı bibərin əsas fəal maddəsi olan kapsaisin orqanizmi viruslara qarşı qoruyur və eyni zamanda xoş əhval yaradan endorfinlərin ifrazını artırır.

Mütəxəssislər bildirirlər ki, acı bibər A, B qrupu, C, E, K və PP vitaminləri ilə yanaşı, dəmir, kalium, kalsium, maqnezium, natrium və fosfor kimi mineralları da ehtiva edir. Onun tərkibində olan kversetin maddəsi damarların qorunmasında mühüm rol oynayır. Az kalorili olması da acı bibərin üstünlüklərindən biridir. Təxminən 15 qramlıq bir ədəd acı bibərdə cəmi 18 kilokalori var.

Araşdırmalara görə, kapsaisin orqanizmə daxil olduqda bədən temperaturunu yüksəldir. Bu isə enerji sərfiyyatını artırır və kalorilərin daha sürətli yanmasına səbəb olur. Məhz buna görə də acı bibər bir çox ölkədə arıqlama məqsədilə hazırlanan pəhrizlərə daxil edilir. Alimlər hesab edirlər ki, gündə bir ədəd, yəni 15 qramdan çox olmamaq şərti ilə acı bibər qəbul etmək orqanizmi möhkəmləndirə bilər.

Acı bibər antioksidantlarla da zəngindir. Xüsusilə C vitamini və beta-karotin hüceyrələri zədələnmədən qoruyur və immun sistemini gücləndirir. Eyni zamanda, acı bibərin zərərli xolesterinin azalmasına, qan şəkərinin və qan təzyiqinin tənzimlənməsinə kömək etdiyi sübut edilib.

Bununla belə, mütəxəssislər acı bibərin hər kəs üçün uyğun olmadığını da xatırladırlar. Allergiyası olanlar, mədə-bağırsaq problemləri və öd daşı xəstəliyindən əziyyət çəkənlər bu məhsuldan uzaq durmalıdırlar. Hətta sağlam insanlar üçün belə acı bibərin gündəlik qəbulu 15 qramdan artıq olmamalıdır. Mütəxəssislər vurğulayırlar ki, fayda yalnız düzgün miqdar və ölçülü istifadə zamanı özünü göstərir.