Uşaqlar arasında brokkoliyə qarşı mənfi münasibət kifayət qədər geniş yayılıb və bu hal valideynləri tez-tez düşündürür. Foodinfo.az BB.LV saytına istinadən xəbər verir ki, mütəxəssislər bu narazılığın təkcə dad zövqü ilə deyil, ağız boşluğundakı bakteriyalarla da bağlı ola biləcəyini bildirirlər. Araşdırmalara görə, bəzi uşaqların tüpürcəyində olan müəyyən bakteriyalar brokkolinin dadını son dərəcə xoşagəlməz hala gətirir. Bu tərəvəzin tərkibindəki maddələr ağız boşluğundakı bakteriyalarla qarşılıqlı təsirə girərək kəskin və xoşagəlməz kükürd qoxusu yarada bilir.

Mütəxəssislərin sözlərinə görə, ağız boşluğunda “sistein liazları” adlanan fermentləri ifraz edən bakteriyalar mövcuddur. Bu fermentlər eyni zamanda brokkoli də daxil olmaqla bəzi tərəvəzlərin hüceyrələrində də olur. Brokkoli çeynənən zaman bu fermentlərin miqdarı artır və S-metil-L-sistein sulfoxid adlı birləşməni parçalayır. Nəticədə kəskin kükürd qoxusu yaranır ki, bu da uşaqlar üçün xüsusilə narahatedici olur.

Daha əvvəl aparılan tədqiqatlar göstərib ki, böyüklərdə bu fermentlərin səviyyəsi insandan insana dəyişir. Bu səbəbdən alimlər yeni araşdırmada diqqəti məhz uşaqlara yönəldiblər. Tədqiqatda 6–8 yaş aralığında olan 98 valideyn və uşaq cütlüyü iştirak edib. Alimlər iştirakçıların hər birindən tüpürcək nümunələri götürərək laboratoriyada hazırlanmış gül kələmi tozu ilə qarışdırıblar. Daha sonra yaranan kükürdlü birləşmələrin miqdarı ölçülüb.

Nəticələr göstərib ki, hər bir iştirakçının tüpürcəyi fərqli miqdarda xoşagəlməz qoxulu maddə ifraz edir. Alimlər hesab edirlər ki, uşaqların brokkoliyə qarşı nifrəti əsasən məhz uşaqlıq dövründə formalaşır. İnsan böyüdükcə ya bu dadı qəbul etməyə alışır, ya da brokkolidən tamamilə uzaq durur. Bu səbəbdən uşaqlarda brokkoliyə qarşı mənfi münasibət daha güclü və davamlı olur.

Araşdırma zamanı maraqlı bir məqam da üzə çıxıb. Məlum olub ki, valideynlərdə və onların uşaqlarında xoşagəlməz qoxulu birləşmələrin yaranma səviyyəsi çox vaxt eyni olur. Bu fakt yaxın qohumların ağız boşluğunda oxşar mikrofloranın ola biləcəyini göstərir. Mütəxəssislər bildirirlər ki, bu cür məlumatlar uşaqların qida seçimlərini daha yaxşı anlamağa kömək edə bilər.