Bu gün Novruzun dörd əsas çərşənbəsindən birincisi - Su çərşənbəsidir.
Foodinfo.az xəbər verir ki, ölkəmizdə bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlir.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Ertəsi gün, hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, Su çərşənbəsindən sonrakı ilk gündə “təzə su”dan keçənlər, azarını, bezarını ona "verənlər" il boyu xəstəlikdən uzaq olarlar.
Təzə su, daha doğrusu, ilk çərşənbənin ertəsi gün sübh tezdən köpüklənən su, hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirilər. Su sahilində, bulaq başında suya xitab edilərək, onun gücünü tərənnüm edən nəğmələr oxunar. Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər.
Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, qızın da bəxti o qədər ildən sonra açılar.