Qatıq həm qida dəyəri, həm də sağlamlığa olan müsbət təsirləri ilə süfrələrin əvəzolunmaz qidalarındandır. Zülal, kalsium, B vitaminləri və probiotiklərlə zəngin olması onu həm dadlı, həm də müalicəvi bir məhsula çevirir.

Foodinfo.az qatıq yeməyin əsas faydalarını təqdim edir:

- Qatıqda olan probiotiklər** (xeyirli bakteriyalar) bağırsaq florasını tarazlayır, qəbizliyi azaldır, şişkinlik və qaz problemlərini yüngülləşdirir.

- Zəngin kalsium və D vitamini tərkibi sayəsində sümük əriməsinin (osteoporoz) qarşısını alır, dişləri gücləndirir.

- Qatıqda olan probiotiklər və vitaminlər orqanizmin müdafiə sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır.

- Toxluq hissini artırır, iştahı tənzimləyir. Xüsusilə yağsız və ya az yağlı qatıq pəhrizlərdə uğurla istifadə olunur.

- Tərkibindəki kalsium, kalium və maqnezium maddələri qan təzyiqini sabitləşdirir, ürək-damar sağlamlığını qoruyar.

- Qatıqdakı zülallar, B2 vitamini və probiotiklər dərinin nəm balansını qoruyur, saç və dırnaqların möhkəmlənməsinə kömək edir.

- Bəzi araşdırmalara görə, sağlam bağırsaq florası sinir sistemi ilə birbaşa əlaqəlidir. Qatıq bu floranı gücləndirərək əhvalın yaxşılaşmasına və stressin azalmasına yardım edir.