Mütəxəssislər bildirirlər ki, qəhvə qısa müddətli gümrahlıq yaratsa da, orqanizmi uzunmüddətli enerji ilə təmin etmir. Gün ərzində özünü enerjili hiss etmək üçün düzgün qidalanma daha vacib hesab olunur.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Yekaterina Stasyukun sözlərinə görə, yalnız qəhvə və enerji içkilərinə güvənmək düzgün deyil. Çünki tərkibində çoxlu şəkər və süni əlavələr olan qazlı və energetik içkilər sonradan halsızlıq və yorğunluq yarada bilər. Mütəxəssis şəkərsiz çay və kofeinsiz qara qəhvənin daha faydalı seçim olduğunu bildirib.

Ekspert qeyd edib ki, yağsız ət növləri və balıq orqanizmi keyfiyyətli zülalla təmin edir. Toyuq, hinduşka və omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıq, tuna və skumbriya həm enerji verir, həm də ürək sağlamlığını dəstəkləyir. Bundan başqa, tam taxıllar və mürəkkəb karbohidratlar da uzunmüddətli toxluq və gümrahlıq hissi yaradır. Qəhvəyi düyü, yulaf və müxtəlif yarmalar liflə zəngin olduğu üçün enerjinin daha stabil qalmasına kömək edir.

Mütəxəssislər fındıq, badam, qoz və toxumların da yorğunluqla mübarizədə faydalı olduğunu bildirirlər. Bu məhsullar həm aclıq hissini azaldır, həm də orqanizmi vacib minerallarla təmin edir. Dietoloq əlavə edib ki, bəzən yorğunluğun əsas səbəbi susuzluq olur. Buna görə gün ərzində kifayət qədər su içmək vacib sayılır. Onun sözlərinə görə, su birbaşa enerji verməsə də, orqanizmdə enerji mübadiləsinin düzgün işləməsini təmin edir və ümumi vəziyyətə müsbət təsir göstərir.